Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsinin yaradılması Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer alması məqsədini daşıyır. Mərkəzin icraçı direktoru Tamerlan Tağıyev “vergiler.az”ın qurumun fəaliyyəti ilə bağlı suallarını cavablandırıb.
- Tamerlan müəllim, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri nələri əhatə edir?
- 4SİM Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar arasındakı əməkdaşlığı, bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir. Eyni zamanda, 4SİM 2021-ci ilin aprelin 1-dən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Mərkəzinin funksiyalarını da həyata keçirir. Mərkəzin yaradılması haqqında razılıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və DİF-in Prezidenti Borge Brende arasında 2020-ci ilin yanvar ayında keçirilmiş Davos Forumunda əldə edilmişdi və bu Mərkəz MDB məkanında yaradılmış ilk belə qurumdur. Hazırda DİF ilə 3 əsas platforma – “Süni intellekt və maşın təlimi”, “Əşyaların interneti və şəhər transformasiyası” və “Rəqəmsal ticarət” platformaları üzrə əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində “Süni intellekt və maşın təlimi” platforması üzrə bu il fevralın 23-də “Dördüncü Sənaye İnqilabında trendlər” mövzusunda təşkil etdiyimiz tədbirdə Azərbaycan üçün süni intellekt üzrə milli strategiyanın hazırlanması istiqamətində görülməli olan tədbirlər, ölkələrin milli süni intellekt strategiyaları üçün müəyyən edilən hədəflər, bu prosesdə qarşıya çıxan məsələlər və onların həlli yolları, dövlət-özəl sektor tərəfdaşlığı, milli süni intellekt ekosistemi və s. məsələlərə dair müzakirələr aparılıb və Türkiyə, Rusiya, BƏƏ-dən olan iştirakçılar öz təcrübələrini bölüşüblər. Tədbirdə həmçinin müəssisələrə süni intellekt və verilənlər (data) əsaslı texnologiyaların satınalması prosesində düzgün, məsuliyyətli və şəffaf metodlar təklif edən “Süni intellekt satınalması üzrə təlimat” layihəsi ilə bağlı seminar keçirilib. Bu təlimat layihəsi DİF tərəfindən hazırlanıb və dövlət satınalmaları vasitəsilə dövlət sektorunda süni intellekt texnologiyasının mənimsənilməsi üçün hazırlanmış bələdçi kitabçası və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı bir sıra alətlər təqdim edir.
Qlobal çağırışlara daha sürətli və çevik reaksiya vermək üçün
Mərkəzin qarşısında duran əsas vəzifələrdən biri 4Sİ texnologiyalarının
ölkəmizdə təşviqini genişləndirmək, tətbiqi imkanlarını
araşdırmaq və rəqəmsal iqtisadiyyat ilə bağlı strategiyaları həyata keçirməkdir.
Həmin tədbir çərçivəsində “Əşyaların interneti cihazlarının şəbəkəyə çıxışı və əlaqələndirilməsi” mövzusunda keçirilən sessiyada əşyaların internetinin sənaye və biznes üçün faydaları, bu texnologiyalardan müəssisələrin fəaliyyət istiqamətləri üzrə istifadəsi, GSM şirkətlərinin əşyaların internetinin tətbiqi ilə bağlı biznes sahəsini təmsil edən müştərilərlə əməkdaşlığı, əşyaların interneti sahəsində ölkəmizdə nəzərdə tutulan tədbirlər, Türkiyə təcrübəsinin tətbiqi barədə müzakirələr aparılıb.
“Rəqəmsal ticarət” platformasına gəldikdə, bu istiqamətdə də bir sıra tədbirlər görülüb. Artıq Türkiyə və Azərbaycan arasında “Rəqəmsal ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb, bir sıra ölkələrlə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, 22 dövlət qurumunun nümayəndələrindən ibarət “4-cü Sənaye İnqilabı texnologiyaları” üzrə və 11 dövlət qurumunun nümayəndələrindən ibarət “Rəqəmsal ticarət” üzrə işçi qruplar yaradılıb və hər iki işçi qrupun koordinasiyasını 4SİM həyata keçirir.
- 4SİM-in fəaliyyətindən nələr gözləyə bilərik? Mərkəzin gördüyü işlərin Azərbaycan iqtisadiyyatının inkişafına təsiri daha çox hansı sahələrdə hiss ediləcək?
- Tərəfdaşlıq və intellektual düşüncə platforması olaraq, 4SİM-in yaradılmasında əsas məqsədlər ölkəmizi qlobal innovasiyalar xəritəsində aparıcı mərkəzlərdən birinə çevirmək, Azərbaycanda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqini və rəqəmsal iqtisadiyyata keçidi sürətləndirilməkdir. Tədqiqatçıların araşdırmalarına görə, 4Sİ-nin qlobal iqtisadiyyata təsiri gündən-günə artır. Qlobal çağırışlara daha sürətli və çevik reaksiya vermək üçün Mərkəzin qarşısında duran əsas vəzifələrdən biri 4Sİ texnologiyalarının ölkəmizdə təşviqini genişləndirmək, tətbiqi imkanlarını araşdırmaq və rəqəmsal iqtisadiyyat ilə bağlı strategiyaları həyata keçirməkdir. Mərkəz həm DİF ilə əməkdaşlıq çərçivəsində, həm də ölkə iqtisadiyyatının bir çox sahələrində 4Sİ texnologiyalarının tətbiqi və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi vasitəsilə bu sahənin inkişafina nail olmağı hədəfləyir. Xüsusilə sənaye, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və investisiyalar, səhiyyə və təhsil sahələrində “dağıdıcı texnologiyalar”ın (disruptive technologies) tətbiqi ilə bağlı layihələrin icrası nəzərdə tutulur.
İstər dövlət müəssisələrində, istərsə də özəl şirkətlərdə rəqəmsallaşma və müasir
texnoloji həllərin tətbiqi iqtisadi potensialımızdan daha
səmərəli istifadə etməyə, istehsal prosesinin avtomatlaşdırılmasına, xərclərin azalmasına,
məhsullarımızın keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradacaq.
- Mərkəzin gördüyü işlər sayəsində Azərbaycan özünün iqtisadi potensialından istifadə etmək imkanlarını artıra bilərmi?
- 4SİM müvafiq sahədə layihələrin icrasını, qiymətləndirilməsini, monitorinqini həyata keçirmək, zərurət olduğu təqdirdə həmin layihələrin icrasına dəstək vermək, yeni təşəbbüslər irəli sürmək istiqamətində fəaliyyətini genişləndirməkdədir. 4SİM ölkəmizdə rəqəmsal həllər, həmçinin bu sahədə lider olan ölkələrin təcrübəsinə əsaslanaraq 4Sİ texnologiyalarının müxtəlif sahələrdə tətbiqini və təşviqini həyata keçirəcək. Rəqəmsal iqtisadiyyat və 4Sİ üzrə prioritetlərin, bu istiqamətdə görülməsi zəruri olan işlərin müəyyənləşdirilməsində iştirak edəcək. İstər dövlət müəssisələrində, istərsə də özəl şirkətlərdə rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi iqtisadi potensialımızdan daha səmərəli istifadə etməyə, istehsal prosesinin avtomatlaşdırılmasına, xərclərin azalmasına, məhsullarımızın keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaradacaq.
Müasir texnologiyalar vasitəsilə əldə olunan böyük verilənlərin (Big Data) əldə edilməsi, onların süni intellekt vasitəsilə emal olunması qərar qəbuletmə prosesinin təkmilləşdirilməsinə, verilənlərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsinə töhfə verəcək.
- Dünyada 4Sİ-dən potensial mənfəət əldə edən ölkələrin təcrübəsinin öyrənilməsi və Azərbaycanın bu ölkələrdən birinə çevrilməsi üçün hansı tədbirlərin görülməsini vacib hesab edirsiniz?
- Ölkələrin uğurlu rəqəmsal inkişafı üçün vacib olan bir sıra göstəricilər var. Bunlara yüksəksürətli genişzolaqlı internet şəbəkəsinin əhatəsi, ev təsərrüfatlarının və mobil qurğuların internetə çıxışı, əhalinin ev və iş yerlərində kompüterlə təminatı, müvafiq sahəyə investisiya qoyuluşları, sahənin hüquqi tənzimlənməsi, kibertəhlükəsizlik, 4Sİ texnologiyalarının tətbiqi səviyyəsi, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və s. aid edilir. Bu istiqamətlərdə ölkəmizdə qurulmuş sistemlər və gələcək perspektivlə bağlı nəzərəçarpacaq işlər aparılıb və aparılmaqdadır.
DİF tərəfindən 2018-ci ildə “İstehsalın gələcəyinə hazırlıq təşəbbüsü” irəli sürülüb. Bu təşəbbüsün məqsədi dünya ölkələrinin hazırlıq səviyyəsini qiymətləndirmək və aparıcı 4Sİ ölkələrini təyin etməkdir.
2018-ci ildə istifadəyə verilmiş “İstehsalın gələcəyinə hazırlıq təşəbbüsü” yeni diaqnostika aləti, istehsal sistemlərinin transformasiyası üçün tələb olunan əsas istiqamət və amillər haqqında məlumatlılığı artırmaq, qərar qəbul edənlərə ölkələrinin hazırlıq səviyyəsinin qiymətləndirilməsində kömək etmək üçün alətlər, çərçivələr və verilənlər toplusunu özündə ehtiva edən yardımçı sənəddir.
4Sİ texnologiyaları olan süni intellekt (AI), əşyaların interneti (IoT), nanotexnologiya, robototexnika, 3D çapı, insan-maşın interfeysləri (human-machine interfaces - HMI), bulud hesablaması, böyük məlumat analitikası və blokçeyn sosial və iqtisadi problemləri uğurla həll etməklə qlobal sənayenin mənzərəsini dəyişir. Rəqəmsal texnologiyalar cəmiyyətə məlumat, iş imkanları və həyat standartlarını yaxşılaşdıran xidmətlər təmin edir. Ümumən, 4Sİ-də liderlik edən Yaponiya, Kanada, Almaniya, Avstriya, İsveçrə kimi qabaqcıl ölkələrin təcrübəsi bizim üçün də maraq kəsb edir.
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış İKT sektorunda innovasiya yönümlü islahatları davam etdirmək, müasir xidmətlərin çeşidini və həcmini artırmaq, sürətli genişzolaqlı şəbəkənin əhatə dairəsini böyütmək, rəqəmsal iqtisadiyyatın daha da inkişafına şərait yaratmaq və s. bu kimi tədbirlər müəyyən olunub. Ötən il 4SİM-in yaradılması bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkə rəhbərliyi tərəfindən atılmış mühüm addımlardandır.
Müxtəlif ölkələrdə böyük maraq döğuran ASAN Xidmət modelinin ölkəmizdə tətbiqi, rəqəmsallaşma sahəsində dövlət qurumları tərəfindən atılan addımlar bu sahənin inkişafına şərait yaradır, özəl sektorda da rəqəmsallaşmanı həm təşviq edir, həm də ona dəstək olur.
4Sİ texnologiyaları olan süni intellekt (AI), əşyaların interneti (IoT), nanotexnologiya,
robototexnika, 3D çapı, insan-maşın interfeysləri (human-machine interfaces - HMI),
bulud hesablaması, böyük məlumat analitikası və blokçeyn sosial və iqtisadi
problemləri uğurla həll etməklə qlobal sənayenin mənzərəsini dəyişir.
- Rəqəmsal iqtisadiyyatın inkişafı kibertəhlükəsizlik amilini də önə çıxarır. Rəqəmsal iqtisadiyyatda kibertəhlükəsizliyin təmin edilməsi üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
- Rəqəmsal iqtisadiyyat gündəlik onlayn əlaqə nəticəsində milyardlarla insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər arasında yaranan iqtisadi fəaliyyətdir. Rəqəmsal iqtisadiyyatın əsasını hiperəlaqə təşkil edir ki, bu da internet, mobil texnologiya və əşyaların interneti (IoT) nəticəsində insanların, təşkilatların və maşınların artan qarşılıqlı əlaqələrini ifadə edir. Bu əlaqələr və münasibətlər çərçivəsində bədniyyətli hücumların, təhlükələrin olması qaçılmazdır. Həmin təhlükələrin tamamilə sıfıra endirilməsi isə mümkün deyil. Sadəcə, bu proseslərdə müəssələrin və insanların minimal itkilərlə çıxması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu tədbirlər özü də gündəlik təkmilləşdirilməlidir. İstər dövlət, istərsə də özəl sektorda təhülkəsizliyin təmin olunması üçün qabaqlayıcı tədbirlər görülsə də, kibercinayətkarlar da daim özünü təkmilləşdirir və yeni kibertəhlükə formaları yaranır.
COVID-19 pandemiyası dövründə kiberhücumların sayı artıb. Pandemiya dünyada gedən sosial-iqtisadi proseslərə ciddi zərbələr vurmaqla yanaşı, rəqəmsallaşmaya keçidin vacibliyini hiss etdirərək bu prosesləri sürətləndirib. Pandemiya dövrü dünyada təmassız xidmətlərin əhəmiyyətini və vacibliyini artırıb və təminat sistemlərinin inkişafına ciddi təsir edib. Məhz bu dövrdə dünya üzrə rəqəmsal ticarət, rəqəmsal ödənişlər, elektron sənəd dövriyyəsi, distant təhsil, loqistika xidmətlərinin avtomatlaşdırılması, xidmət sektorlarında özünəxidmət avadanlıqlarından və robotlardan istifadə, elektron imza və bu kimi digər sahələr inkişaf edib.
Kibertəhlükəsizlik faktları və statistikası sahəsində dünyada aparıcı tədqiqatçı və naşir kimi etibarlı mənbə hesab edilən “Cybersecurity Ventures”in 2021-ci il açıqlamasına görə, kiberhücumların 50%-dən çoxu kiçik və orta biznesi (KOB) hədəf alıb. IBM-in açıqlamasında göstərilir ki, 2020-ci ildə məlumatların (datalar) oğurlanmasına görə dəyən zərər 3,86 milyon dollar təşkil edib (IBM, 2020). KOB müəssisələri üçün məlumatların qorunması, təkrarlanması və bərpası üzrə həllərin təminatçısı “Arcserve” şirkətinin açıqlamasına görə, təkcə 2020-ci ildə alıcıların 59%-dən çoxu kiberhücumdan əziyyət çəkən şirkətlərin xidmətlərindən imtina edib.
Statistikaya nəzər yetirdikdə aydın olur ki, qabaqlayıcı tədbirlər görülsə də, yeni kibercinayət alətləri və cinayət növləri də dəyişir.
İstər dövlət, istərsə də özəl sektorda təhülkəsizliyin təmin olunması üçün
qabaqlayıcı tədbirlər görülsə də, kibercinayətkarlar da daim
özünü təkmilləşdirir və yeni kibertəhlükə formaları yaranır.
Bu səbəbdən dövlət sektoru ilə yanaşı, şirkətlər də kiberhücumdan zərərçəkən tərəf olduğu üçün büdcələrində kibertəhlükəsizliyin təmin olunması məqsədilə ciddi xərclər nəzərdə tutmalıdırlar. Təhdidlərin qarşısının alınması üçün standartlara uyğun texniki və proqram vasitələrindən istifadəyə, lisenziyalı proqram təminatlarının alınmasına, ictimaiyyətin məlumatlılığının artırılmasına diqqət yetirməlidir.
- İqtisadiyyatda rəqəmsallaşma getdikcə artır. İqtisadiyyatın rəqəmsallaşması Azərbaycanın qarşısına hansı yeni prioritetləri qoyur, hansı yeni tədbirlərin həyata keçirilməsini zəruri edir?
- Qeyd etdiyim kimi, rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə ölkəmizdə rəqəmsal infrastruktur və rəqəmsal xidmətlərin inkişafını, xüsusilə yüksəksürətli internet və mobil internet infrastrukturunun əlçatanlılığının və əhatəliliyinin daha da genişləndirilməsini, rəqəmsal iqtisadiyyatın qlobal iqtisadi mənzərəyə böyük təsirini, maliyyə resursları əldə etmək imkanlarının təmin edilməsini və rəqəmsal iqtisadiyyata xarici investisiyaların cəlbini, onlayn və rəqəmsal əməliyyatları aparmaq üçün müvafiq hüquqi və tənzimləyici alətlərin vacibliyini nəzərə alaraq rəqəmsal iqtisadiyyat üçün qanunvericiliyin və tənzimləyici mexanizmlərin hazırlanması, rəqəmsal bilik və bacarıqların artırılması, İKT bacarıqlı peşəkarların yetişdirilməsi, 4Sİ texnologiyalarının iqtisadiyyatın bütün sahələrində tətbiqi, kibertəhlükəsizlik və məlumat (data) axınının və verilənlərin tənzimlənməsi, həmçinin rəqəmsal iqtisadiyyat ekosisteminin üzvlərinin bir-biri ilə sıx əməkdaşlığı və koordinasiyası kimi tədbirlər prioritetlər sırasındadır. Qarşıda duran əsas hədəflərdən biri də qeyd olunan tədbirləri əhatə edən rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasıdır.