Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin 19.04.2021-ci il tarixli
F- 48 nömrəli əmri ilə təsdiq edilmişdir.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını (bundan sonra – müvafiq sahə) həyata keçirən publik hüquqi şəxsdir.
1.2. Mərkəz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Mərkəz ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyətinin istiqamətləri
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. dördüncü sənaye inqilabı texnologiyaları üzrə çağırış və təşəbbüslərin təhlilini və tətbiqinin koordinasiyasını təmin etmək;
2.1.3. müvafiq sahədə dövlət, özəl sektor və elmi dairələr arasında tərəfdaşlığı təşviq etmək və bu sahədə müzakirələri və əməkdaşlığı təmin edən platforma qismində çıxış etmək;
2.1.4. müvafiq sahədə layihələri icra etmək, o cümlədən bu sahədə irəli sürülən layihələrə baxılmasını, qiymətləndirilməsini və monitorinqini həyata keçirmək, habelə zərurət olduğu halda, həmin layihələrin icrasına dəstək vermək;
2.1.5. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.1.6. müvafiq sahənin inkişafı məqsədilə qabaqcıl təcrübələri öyrənmək və təkliflər hazırlamaq;
2.1.7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Mərkəzin vəzifələri və hüquqları
3.1. Mərkəzin bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri vardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.3. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.4. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;
3.1.5. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəzin əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.6. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.7. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.8. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.9. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.10. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.11. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.12. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.13. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər təşkil etmək, Azərbaycan Respublikasında və xaricdə keçirilən bu cür tədbirlərdə iştirak etmək;
3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.10. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.11. müvafiq sahə ilə bağlı yerli və beynəlxalq səviyyəli layihələri həyata keçirmək;
3.2.12. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.13. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Mərkəzin idarə olunması
4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə daxildir.
4.3. Mərkəzin təsisçisi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi digər orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.
4.4. Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
5. Müşahidə Şurası
5.1. Mərkəzin Müşahidə Şurası (bundan sonra – Şura) Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
5.2. Şura Nazirliyin vəzifəyə təyin və vəzifədən azad etdiyi 3 (üç) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.
5.3. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
5.4. Şura qərar qəbul etməkdə müstəqildir.
5.5. Şuranın vəzifələri aşağıdakılardır:
5.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Nazirliyə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
5.5.2. Mərkəzin inkişaf istiqamətlərinə dair Nazirliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;
5.5.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;
5.5.4. Mərkəzin fəaliyyətini təşkil etmək;
5.5.5. Mərkəzin nizamnaməsini, nizamnamə fondunun miqdarının müəyyən edilməsini və dəyişdirilməsini, Mərkəzin Aparatının strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək üçün Nazirliyə təkliflər vermək, o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
5.5.6. Nazirliyin razılığı ilə, Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak edilməsinə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
5.5.7. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
5.5.8. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
5.5.9. Mərkəzin icra orqanının fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
5.5.10. Şura üzvlərinin və icra orqanının müraciətlərinə baxmaq və qərar qəbul etmək;
5.5.11. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;
5.5.12. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
5.5.13. Kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
5.5.14. Mərkəzdə daxili audit bölməsi yaradıldığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və azad etmək;
5.5.15. Nazirliyin razılığı ilə, Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
5.5.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
5.6. Şuranın sədri ildə azı bir dəfə olmaqla Şuranın iclasını çağırır və iclasa sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya icra orqanı çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
5.7. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
5.8. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.
5.9. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
5.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
5.11. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.
5.12. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
5.13. Şuranın katibi:
5.13.1. Şuranın iclaslarını təşkil edir;
5.13.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;
5.13.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalamaq üçün Şuranın üzvlərinə təqdim edir;
5.13.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
5.13.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
5.14. Şuranın sədri:
5.14.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
5.14.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
5.14.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
5.14.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
5.15. Şuranın üzvləri:
5.15.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
5.15.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
5.15.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
5.15.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
5.15.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
5.16. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
6. İcraçı direktor
6.1. İcraçı direktor Mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.
6.2. İcraçı direktoru və onun müavinini (müavinlərini) Nazirlik vəzifəyə təyin və vəzifədən azad edir.
6.3. İcraçı direktorun müavinlərinin sayını Nazirlik müəyyən edir.
6.4. İcraçı direktor müvəqqəti olmadıqda, onu müvafiq əmrlə onun müavinlərindən biri əvəz edir.
6.5. İcraçı direktor və onun müavini (müavinləri) adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cü maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
6.6. İcraçı direktorun vəzifələri aşağıdakılardır:
6.6.1. Mərkəzin fəaliyyətini təşkil etmək;
6.6.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
6.6.3. Şuranın qərarlarını icra etmək;
6.6.4. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
6.6.5. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
6.6.6. bu Nizamnamənin 3.1.7-ci bəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
6.6.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
6.6.8. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
6.6.9. Şuranın və İcraçı direktorun səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək;
6.6.10. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;
6.6.11. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
6.6.12. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
6.6.13. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;
6.6.14. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil etmək;
6.6.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərini (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərləri) vəzifəyə təyin və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;
6.6.16. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
6.6.17. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
6.6.18. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;
6.6.19. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
6.6.20. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;
6.6.21. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək.
7. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti
7.1. Mərkəzin nizamnamə fondunun məbləği 1 000 000 (bir milyon) manatdır.
7.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
7.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
7.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
7.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
7.6. Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.
8. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
8.1. Mərkəzin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Mərkəzin idarəetmə orqanları həyata keçirirlər.
8.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
9. Mərkəzdə uçot və hesabat
9.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
9.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik hesabatları tərtib və təqdim edir.
9.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
9.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
10. Mərkəzin ləğvi və yenidən təşkili
10.1. Mərkəzin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.