Ümumi məlumat


 

qəmsallaşma müasir dövrümüzün dinamik sürətlə inkişaf edən və bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən prosesdir. Bugün əminliklə qeyd edilə bilər ki, informasiya və kommunikasiya texnologiyalarının yeni inkişaf mərhələsinə qədəm qoyması həyatımızın bütün sahələrini transformasiya etmək gücünə malikdir.

 

Qabaqcıl ölkələrin təcrübəsi də göstərir ki, rəqəmsallaşma prosesi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfənin verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir.

 

Bəs rəqəmsal iqtisadiyyat nədir? Rəqəmsal iqtisadiyyat – insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər arasında milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan, başqa bir deyimlə kompüter texnologiyalarına əsaslanan iqtisadi fəaliyyətdir. Sözügedən sahə bütövlükdə iqtisadi prosesslərə təsir edən amildir. Rəqəmsal iqtisadiyyatı ənənəvi iqtisadiyyatdan fərqləndirən ən mühüm məqam onun rəqəmsal texnologiyalara əsaslanan iqtisadiyyat olmasıdır ki, bu texnologiyalara Maşın Öyrənməsi və Süni İntellekt, Əşyaların İnterneti, Big Data dediyimiz Böyük Verilənlər, AR (Augmented Reality) və VR (Virtual Reality) və s. kimi anlayışlar daxildir.

 

Son dövrlər rəqəmsal iqtisadiyyatın əhatə dairəsi görünməmiş sürətlə genişlənir və demək olar ki, iqtisadi fəaliyyətin bütün sahələrinə müxtəlif templərlə nüfuz edir. Bu baxımdan, rəqəmsallaşmanın iqtisadiyyatımıza və cəmiyyətimizə müsbət təsirlərinin gücləndirilməsi və bu prosesin dayanıqlı şəkildə inkişaf etdirilməsi üçün qarşımızda bir sıra mühüm tapşırıqlar yaranır.

 

Azərbaycan üçün də rəqəmsal iqtisadiyyatın qurulması, müasir texnologiyaların və innovasiyaların tətbiqi prioritet məsələlərdəndir. Ölkənin əlverişli coğrafi mövqeyi və insan potensialı, habelə son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar bunun üçün münbit şərait yaradır.

 

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi” tədbiri öz əksini tapmışdır. Sözügedən strateji sənədin hazırlanması və icrası İqtisadiyyat Nazirliyinə, Nazirlik daxilində isə 4SİM-ə tapşırılmışdır.

Rəqəmsal İqtisadiyyat Strategiyası sənədinin hazırlanması ölkədə davamlı və rəqabət qabiliyyətli rəqəmsal iqtisadiyyatın formalaşdırılmasına, Azərbaycanın müvafiq sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilməsinə, rəqəmsal iqtisadiyyatın ölçülməsi, həmçinin koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsinə xidmət göstərəcəkdir. Bununla yanaşı, sözügedən sənəd ölkəmizdə rəqəmsal infrastruktur və xidmətlər, müvafiq sahədə qanunvericilik, maliyyə resurslarının əlçatanlığı və rəqəmsal bacarıqların inkişaf etdirilməsi də daxil olmaqla rəqəmsal iqtisadiyyatın bütün komponentləri üzrə inkişaf istiqamətlərini müəyyən edəcək milli strategiya sənədi olacaqdır.

Bütün bu proseslərə əlavə olaraq, rəqəmsallaşmanın iqtisadiyyatımıza və cəmiyyətimizə müsbət təsirlərinin gücləndirilməsi və bu prosesin dayanıqlı şəkildə inkişaf etdirilməsi məqsədilə rəqəmsal iqtisadiyyatın ölkə iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi və bu sahədə qabaqcıl metodologiyaların tətbiq edilməsi üçün mütəmadi tədbirlər görülməkdədir.

 

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb