Blokçeyn — məlumatların saxlanması, tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir. Başqa sözlə ifadə etsək Blokçeyn – sistemdə nə vaxtsa həyata keçirilmiş bütün tranzaksiyaların ictimai bazasıdır. Blokçeyn texnologiyasının tarixi 2009-cu ildə ilk kriptovalyuta olan Bitcoin-in yaranması ilə başlamışdır.
Blokçeyndə bütün növ məlumatların saxlanılması mümkündür. Blokçeyn texnologiyası bütün dünya üzrə bir neçə min kompüter arasında bölüşdürülüb. Bu şəbəkənin istənilən istifadəçisi reyestrin aktual versiyasına sərbəst girişə malikdir ki, bu da onu bütün iştirakçılar üçün tamamilə şəffaf edir.
Rəqəmsal məlumatlar "bloklar"-da birləşir, bu bloklar isə daha sonradan riyazi alqoritmlərin köməkliyi ilə kriptoqrafik və xronoloji "zəncir"-də birləşir. Hər blok özündən əvvəlki blok ilə əlaqəlidir və özündə bir sıra məlumatı əks etdirir. Yeni bloklar nizamlı şəkildə zəncirin sonuna əlavə olunur.
Blokçeynə məlumatlar daxil edilib təsdiqləndikdən sonra dəyişdirilməsi mümkün deyil, yalnızca əlavələr edilə bilər və məlumat daxil edildikdən sonra bu texnologiyanın mövcud olduğu bütün kompüterlərdə həmin informasiya eyni anda daxil olacaq.
Bu zəncirin tərkibində bloklar 3 əsas məlumatdan ibarətdir.
• Daxil edilən məlumat
• Hər bir blok üçün nəzərdə tutulan unikal kod – “Hash”
• Bundan öncəki blokun “hash” – məlumatı