Əşyaların İnterneti anlayışı yəni IOT(internet of things) texnologiyası ağıllı cihazların bir biri ilə qarşılıqlı əlaqədə olmasıdır. Bu texnologiya vasitəsilə toplanmış məlumatlar, o cümlədən Böyük Verilənlər (Big Data) proqramlar vasitəsi ilə idarə olunur.
Əşyaların İnternetinin bəzi faydaları və tətbiq sahələri :
• Ümumi iş proseslərini izləmək
Ümumi iş proseslərinin izlənilməsi imkanı bu texnologiyanın ən əsas üstün cəhətlərindən biridir. Müştərilər, istehsalçılar və təchizatçılar təchizat zənciri boyunca məhsulların, texnologiyaların yerini və vəziyyətini izləmək üçün aktiv idarəetmə sistemlərindən istifadə edə bilərlər. Sistem məhsul və ya texnikanın zədələndiyi və ya belə bir riskin mövcud olduğu təqdirdə, vəziyyəti düzəltmək üçün profilaktik tədbirlər görmək imkanı verərək, maraqlı tərəflərə dərhal xəbərdarlıq göndərir.
• Müştəri məmnuniyyəti
Bu texnologiyanın əsas faydalarından biri isə müştəri məmnuniyyətinin təmin edilməsinin mümkünlüyüdür. Məhsullar internetə qoşulduqda, istehsalçı müştərilərin məhsullarından necə istifadə etmələri barədə məlumat toplaya və təhlil edə bilər. İstehsalçılar və məhsulun dizaynerləri toplanmış bu məlumatlara əsasən istifadəsi daha asan və yararlı məhsullar yaradaraq müştəri məmnuniyyətini artıra bilərlər.
• Kənd təsərrüfatı
Bu texnologiya vasitəsi ilə bir çox sahələrin inkişafı mümkündür. Bu sahələrdən biri isə kənd təsərrüfatıdır. Məsələn: torpağa yerləşdirilən sensorlar əkin və becərmə üçün ən optimal vaxta dair məlumatları toplayır. Daha sonra suvarma sistemi avtomatlaşdırılır və sensorlar torpağın nəmliyini ölçərək məlumatları kompüterə ötürür , kompüter isə müvafiq olaraq suvarma sisteminə nə vaxt və nə qədər sulamaq lazım olduğuna dair məlumatları ötürür. Eyni zamanda, sensorlar vasitəsilə bitkilərin zərərli qurdların hücumuna məruz qaldığı müəyyənləşdirildikdə, dərhal dezinfeksiya tədbirlərinin görülməsi təmin edilə bilər.