“Dördüncü Sənaye İnqilabında Trendlər” mövzusunda tədbir çərçivəsində sessiyalar keçirilib

23 fevral 2022

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışına həsr olunmuş “Dördüncü Sənaye İnqilabında Trendlər” mövzusunda tədbir çərçivəsində sessiyalar keçirilib.  Dövlət qurumlarının, Dünya İqtisadi Forumunun, elm və təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin və mütəxəssislərin iştirak etdiyi sessiyalarda əşyaların interneti, süni intellekt, böyük verilənlər (big data) və bu istiqamətlərdə milli strategiyanın hazırlanması barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Türkiyə Metal Sənayesi İşəgötürənlər Birliyi (MESS) Texnoloji Mərkəzininin icraçı direktoru, Türkiyə Dördüncü Sənaye İnqilabı Mərkəzinin rəhbəri Efe Erdem Azərbaycanda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, həmçinin Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılmasını, yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, Mərkəzin işinə uğurlar arzulayıb. Qlobal miqyasda Dördüncü Sənaye İnqilabı sahəsində baş verən proseslərin və yeniliklərin müzakirəsi baxımından tədbirin önəmini vurğulayan Efe Erdem rəhbəri olduğu Mərkəzin fəaliyyət istiqamətləri, Türkiyədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində görülən işlər barədə iştirakçılara məlumat verib.            

“Əşyaların interneti cihazlarının şəbəkəyə çıxışı və əlaqələndirilməsi” sessiyasında Türkiyə Dördüncü Sənaye İnqilabı Mərkəzinin əşyaların interneti və mobillik texnoloji menecmentinin direktoru Ali Kurucu, SOCAR-ın İnformasiya Texnologiyaları və Kommunikasiya İdarəsinin rəis müavini Fuad Əliyev və “Azerconnect” şirkətinin informasiya və texnologiyalar üzrə baş direktoru Özgür Gençin əşyaların internetinin sənaye və biznes üçün faydaları, bu texnologiyalardan müəssisələrin fəaliyyət istiqamətləri üzrə istifadəsi, GSM şirkətlərinin əşyaların internetinin tətbiqi ilə bağlı biznes sahəsini təmsil edən müştərilərlə əməkdaşlığı, əşyaların interneti sahəsində ölkəmizdə nəzərdə tutulan tədbirlər, Türkiyə təcrübəsinin tətbiqi barədə çıxışları dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

“Süni intellekt üzrə Milli Strategiya: Qlobal təcrübələr” sessiyasında Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin nümayəndəsi, Türkiyə Dördüncü Sənaye İnqilabı Mərkəzinin İcraçı Komitəsinin üzvü  Sertaç Yerlikaya, Rusiya Dördüncü Sənaye İnqilabı Mərkəzinin süni intellekt məsələləri üzrə rəhbəri Aleksey Sidoryuk və digərlərinin iştirakı ilə hökumətlərin süni intellektə hazırlıqlı olması, milli süni intellekt strategiyaları üçün müəyyən edilən hədəflər, bu  prosesdə qarşıya çıxan çətinliklər və onların həlli, dövlət-özəl sektor tərəfdaşlığı, milli süni intellekt ekosistemi və s. məsələlərə dair müzakirələr aparılıb, Türkiyə, Rusiya, BƏƏ-nin qabaqcıl şirkətlərinin qeyd edilən istiqamətlər üzrə təcrübələrinə dair təqdimatlar olub, suallar cavablandırılıb.  

Tədbir çərçivəsində “Süni intellekt satınalması üzrə təlimat” layihəsi ilə bağlı vörkşop keçirilib. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Süni İntellekt Platformasının rəhbəri Uber Xelop, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Layihələrin idarəolunması şöbəsinin mütəxəssisi Ülvi Şükürzadənin iştirakı ilə keçirilən vörkşopda “Süni İntellekt satınalması üzrə Təlimat” layihəsi təqdim edilib.

Qeyd edək ki, “Süni İntellekt satınalması üzrə Təlimat” layihəsi Dünya İqtisadi Forumu tərəfindən hazırlanıb. Layihə müəssisələrə süni intellekt və verilənlər (data) əsaslı texnologiyaların satınalması prosesində düzgün və şəffaf metodlar təklif edir. Layihə, həmçinin dövlət satınalmaları vasitəsilə dövlət sektorunda süni intellekt texnologiyasının mənimsənilməsi üçün hazırlanmış bələdçi kitabçası və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı bir sıra alətlər təqdim edir.

Tədbirə virtual şəkildə qoşulan Braziliya Dördüncü Sənaye İnqilabı Mərkəzinin Süni İntellekt Platformasının təmsilçisi Rafael Fassio və süni intellekt məsələləri üzrə layihə rəhbəri Klara Langevin mövzuya dair təcrübələrini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb