Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri Qazaxıstanın Astana şəhərində keçirilən “Digital Bridge Forum-2022” tədbirində iştirak edib. Astanaya səfər çərçivəsində 4SİM-in nümayəndələri “Tech Hub Limited” müəssisəsinin təmsilçiləri ilə görüşüb, rəqəmsal iqtisadiyyatın inkişafı, fintek və vençur kapitalı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.
Görüş çərçivəsində 4SİM və “Tech Hub Limited” arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin təşkili, süni intellekt, əşyaların interneti və mobillik üzrə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində 4SİM-in nümayəndələri "Astana" beynəlxalq maliyyə mərkəzi ilə də tanış olublar.
Məlumat üçün bildirək ki, “Tech Hub Limited” müəssiəsi "Astana" beynəlxalq maliyyə mərkəzinin nəzdində fəaliyyət göstərir və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Qazaxıstandakı Afiləedilmiş Mərkəzinə ev sahibliyi edir.