İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.
Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilmiş iclasda İşçi Qrupun Katiblik funksiyasını həyata keçirən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən Qrupun fəaliyyət prinsipləri, ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələr barədə məlumat verilib, Strategiyanın hazırlanması istiqamətində görüləcək işlərə dair təqdimat keçirilib. İclasda sənədin ölkəmizdə rəqəmsal iqtisadiyyatın komponentləri üzrə inkişaf istiqamətlərini müəyyən edəcək vahid milli strategiya olacağı qeyd edilib, İşçi Qrup üzvlərinin təkilfləri dinlənilib, müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrup yaradılıb.