Dövlət şirkətlərinin nümayəndələri üçün “4SİM Talks” tədbiri baş tutub

06 dekabr 2023

Dekabrın 5-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM Azərbaycan / C4IR Azerbaijan) tərəfindən növbəti “4SİM Talks” adlı tədbir keçirilib. Silsilə xarakteri daşıyan tədbir bu dəfə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan dövlət şirkətlərinin nümayəndələri üçün təşkil edilib.

 

“4SİM”-in icraçı direktoru Fariz Cəfərov tədbir iştirakçılarına 4SİM-in fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzrə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq və elektron ticarət sahəsində yeni texnologiyaların tətbiqi barədə məlumat verib. O bildirib ki, “4SİM Talks” adlı silsilə tədbirləri 4Sİ texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədi ilə mütəmadi olaraq müxtəlif auditoriyalarda təşkil olunur. Bu təşəbbüsün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayəndələri arasında süni intellekt, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual reallıq kimi 4Sİ texnologiyaları sahəsi üzrə məlumatlılığı artırmaqdır.

 

Daha sonra Azərbaycan İnvestisiya Holdinqinin Beynəlxalq Maliyyə İnstitutları, investorlarla əməkdaşlıq və özəlləşdirməyə hazırlıq departamentinin müdiri Abbas Məmmədov tədbir iştirakçılarına AİH-in fəaliyyəti barədə məlumat verib. O, həmçinin AİH-in idarəetməsində olan portfel şirkətlərində son illərdə tətbiqinə başlanılmış korporativ idarəetmə standartları, əldə edilmiş uğurlar, həyata keçirilmiş islahatlar və gələcək planlar barədə danışıb.

 

Tədbirə qatılan Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabları Mərkəzləri şəbəkəsinin Şəbəkə və Hökumətlərlə əlaqələr departamentinin rəhbəri Aytuğ Göksu isə dünya iqtisadiyyatının rəqəmsal transformasiyası ilə bağlı tendensiyalar barədə iştirakçıları məlumatlandırıb.

 

Sonra 4SİM-in süni intellekt üzrə layihə meneceri Ruslan Zeynalzadə “AİH-in idarəetməsində olan portfel şirkətlər üçün 4Sİ həlləri”, Dünya İqtisadi Forumunun investisiya siyasəti və təcrübə üzrə rəhbəri Metyu Stefenson “Rəqəmsal xarici investisiyaların ölkəyə cəlb edilməsi”, “McKinsey & Company” şirkətinin nümayəndəsi İlya Arxipov “Generativ süni intellekt və uğurlu həllər,” “Siemens” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə biznes direktoru Pavel Qonçarov “Sənayedə 4Sİ texnologiyalarının tətbiqi ilə bağlı uğurlu təcrübə”, Dünya İqtisadi Forumunun hökumət işləri üzrə rəhbəri Vandana Menon isə “4SİM şəbəkələri” ilə bağlı təqdimatlarla çıxış ediblər.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb