InMerge İnnovasiya Sammiti başa çatıb

02 dekabr 2023

30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində “InMerge İnnovasiya Sammit”-i keçirilib. Sayca üçüncü dəfə təşkil edilən bu tədbir İqtisadiyyat nazirliyi adından Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də “Trendyol Group”-un əsas tərəfdaşlığı və “PAŞA Holdinq”-in təşkilatçılığı çərçivəsində baş tutub. Sammitə 20 ölkədən 3000-ə yaxın iştirakçı, 50-dən çox investor, 150-dən çox startup iştirak edib. 

 

Tədbirin ilk günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, “PAŞA Holdinq”-in baş icraçı direktoru Cəlal Qasımov və “Trendyol Group” şirkətinin direktoru Erdem İnan salamlama nitqi ilə tədbirin açılış mərasimində çıxış ediblər.

 

“Apple” şirkətinin həmtəsisçisi Stiv Vozniakın çıxışının ardınca “İnnovasiya ekosistemlərinin əlaqələndirilməsi və inkişaf üçün regional əməkdaşlıq” adlı hökumət panel müzakirəsində Özbəkistan Respublikasının İnformasiya texnologiyaları və kommunikasiyalarının inkişafı naziri Şerzod Şermatov, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyev və Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, eləcə də Türkiyə Respublikasının Sənaye və texnologiya nazirinin müavini Zekeriya Çoştu iştirak edib.

 

Sammit çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SOCAR və “Paşa Holdinq” arasında “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilən "Unlocking Data's Potential: Fuelling Innovation with AI" adlı paneldə 4SİM-in icraçı direktoru Fariz Cəfərov iştirak edib. O, verilənlərin süni intellekt əsaslı iqtisadiyyat üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycanda kənd təsərrüfatı, ənənəvi və bərpaolunan enerji, turizm, qida sənayesi və s. sahələrdə süni intellektin tətbiqi üçün geniş imkanların olduğunu vurğulayıb.

 

Sammitin əsas tərəfdaşlardan biri kimi 4SİM öz fəaliyyətini əks etdirən stendlə də tədbirdə təmsil olunub. Stendə maraq göstərən tədbir iştirakçılarına Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 18 üzvündən biri olan Azərbaycan Mərkəzinin fəaliyyəti, ölkə qanunvericiliyi ilə bağlı 4SİM çatbotu, Dünya İqtisadi Forumunun Strategic Intelligence platforması barədə  məlumat verilib, informativ video-çarxlar nümayiş olunub və “Coursera” şirkəti ilə “4Sİ Akademiyası” əməkdaşlığı çərçivəsində müsabiqələr keçirilib.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb