Dekabrın 28-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində (4SİM) son 6 ay ərzində təcrübə keçmiş və könüllülük fəaliyyəti göstərmiş tələbələrlə görüş keçirilib. Gəncləri salamlayan 4SİM-in icraçı direktoru Fariz Cəfərov onlara səmərəli fəaliyyətlərinə görə təşəkkür edib və onları Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. O, tələbələrin 4-cü sənaye inqilabına maraq göstərməsini, xüsusilə də qızların təcrübə proqramında sayca üstünlük təşkil etməsini qeyd edərək, onları daim fəal olmağa və öyrənməyə maraq göstərməyə səsləyib.
2023-cü ildə, 9 fərqli universitetdən 30 nəfər tələbə 4SİM-in layihələrində təcrübə keçib, 4Sİ texnologiyaları sahəsində araşdırmalarda iştirak edib və tədbirlərdə dəstək olublar. ADA Universiteti, İqtisad Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, ADNSU və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri xüsusi fəallıqları ilə seçiliblər. Tələbələr dördüncü sənaye inqilabı üzrə 14 fərqli layihə üzrə çalışaraq təcrübə toplayıblar.
Fariz Cəfərov 4SİM-in 2023-cü ildə gördüyü işlərdən və 2024-cü ildə icra ediləcək layihələrindən bəhs edib. Bildirilib ki, avqust ayında 4Sİ Akademiyası çərçivəsində 7 minə yaxın vətəndaş Coursera platformasında onlayn təlim almaq üçün müraciət edib. O, 2024-cü ildə də layihənin davam edəcəyini və gənclərin 4Sİ sahəsində mühüm biliklər əldə edə biləcəklərini qeyd edib. 4SİM rəhbəri gələn il COP29, Baku ID, InMerge İnnovasiya Sammiti və habelə Dünya İqtisadi Forumu ilə 4SİM-in birgə təşkil etdiyi beynəlxalq tədbirlərdə tələbələri fəal iştirak etməyə çağırıb.
Tədbirin sonunda tələblərə 4SİM adından təşəkkürnamə, hədiyyə kartları və 4Sİ Akademiyası çərçivəsində Coursera platformasndan 6 həftəlik təlim kursu hədiyyə olunub.