İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2023-cü il üzrə qurumun fəaliyyətini əks etdirən illik hesabatını dərc edib. 7 bölmədən ibarət olan sənəddə, qurumun rəhbərindən ön söz, 4SİM-in həyata keçirdiyi layihələrin icrası barədə məlumat, Dünya İqtisadi Forumu ilə əməkdaşlıq, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, il ərzində keçirilmiş tədbirlər və görüşlər, Yeni Nəsil İqtisadiyyat Strategiyası sənədi ilə bağlı görülmüş işlər və gələcək perpsektivlər öz əksini tapıb.
4SİM-in icraçı direktoru Fariz Cəfərov 4-cü sənaye inqilabının həm misilsiz imkanlar, həm də mürəkkəb problemlər təqdim etməsinə toxunaraq, il ərzində qabaqcıl texnologiyaların inteqrasiyasında və rəqəmsal transformasiyanın gücləndirilməsində mühüm irəliləyişlərin olduğunu qeyd edib.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2023-cü ildə 50-dən çox təşəbbüs, 30-dan artıq yerli və beynəlxalq tədbirdə təşkilatçı və tərəfdaş qismində iştirak edib. İl ərzində milli iqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqi, Yeni nəsil iqtisadiyyat strategiyasının hazırlanması istiqamətində mühüm işlər icra edilib. Beynəlxalq sahəvi tədris platforması olan Coursera ilə əməkdaşlıq çərçivəsində 7000-ə yaxın vətəndaş öz rəqəmsal biliklərini artırmaq üçün qeydiyyatdan keçib. Dünya İqtisadi Forumunun “Strategic İntelligence” platformasına ölkədəki ali təhsil müəssisələrinin çıxışı, habelə 4-cü sənaye inqilabı ilə bağlı “4SİM talks” tədbirləri baş tutub.
4SİM komandası tərəfindən “Milli iqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqinə dair uğurlu həllər”, media, kənd təsərrüfatı, səhiyyə, təhsil, enerji və limanlarda 4Sİ texnologiyalarının tətbiqi ilə bağlı fərqli tədqiqat sənədləri hazırlanıb. Ölkə qanunvericiliyi ilə bağlı 4SİM çatbotu, gömrükdə 4Sİ həlləri, Azərbaycan güləşçiləri üçün rəqəmsal həllərin tətbiqi ilə onların rəqabət üstünlüklərinin gücləndirilməsi layihələri də xüsusi qeyd olunmalıdır.
2023-cü ildə, 9 fərqli universitetdən 50 nəfər tələbə 4SİM-in layihələrində təcrübə keçib, 4Sİ texnologiyaları sahəsində araşdırmalarda iştirak edib və tədbirlərdə dəstək olub.
İllik hesabat sənədi ilə tanış olmaq üçün linkdən keçid edin: https://4sim.gov.az/az/page/haqqimzda/hesabat-ve-nesrler