“4Sİ Akademiyası”nda ödənişsiz kurslar davam edir

16 aprel 2024

Daha 1000 nəfər "Coursera" onlayn təhsil platformasında rəqəmsal və kommunikasiya bacarıqlarının inkişafı ilə bağlı kurslarda ödənişsiz iştirak edəcək.

 

Azərbaycanda daha 1000 nəfər ABŞ-nin “Coursera” platformasında ödənişsiz əsaslarla 6 həftəlik təhsil proqramlarına başlayıb. Bu imkan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən "4Sİ Akademiyası" layihəsi çərçivəsində reallaşdırılır.

 

Layihənin məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqların artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. 100 milyondan çox insanın təhsil aldığı "Coursera" onlayn təhsil platformasında 280-ə yaxın universitet və qabaqcıl şirkətlərin süni zəka, böyük verilənlər (Big Data), data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə 10 minə yaxın kursu tədris olunur. “4Sİ Akademiyası” çərçivəsində platformada Yel, Dyuk, Miçiqan, İllinois, Virciniya kimi 40-a qədər nüfuzlu universitetin, həmçinin, “Google”, “IBM”, “Microsoft”, “Meta” kimi qabaqcıl texnologiya şirkətlərinin ümumilikdə 800-ə yaxın kursu vətəndaşlarımıza ödənişsiz təqdim edilir.

 

Təlimləri uğurla bitirənlərə sertifikat, “4Sİ Akademiyası” tərəfindən tövsiyə olunan ən azı 2 və ya 3 kursu keçən istifadəçilərə isə rəqəmsal nişanlar (digital badge) verilir. 15 sentyabr 2023-cü il tarixində start verilmiş 1 illik pilot layihəyə qeydiyyat tamamlanıb və qeydiyyatdan keçmiş 10 min nəfər növbəli şəkildə “Coursera” onlayn təhsil platformasından yararlanacaq. Bu günə kimi platformadan 6000 nəfər faydalanıb, onlardan 2000 nəfəri sertifikat əldə edib. Layihənin davamı ilə bağlı əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

DİF-in Platforma rəhbərləri ilə görüş

XƏBƏRƏ BAXIN

Qlobal əməkdaşlıq, İqtisadi artım və İnkişaf üçün Enerji üzrə Xüsusi Görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb