4SİM və Böyük Britaniyanın süni intellekt və data elmləri sahəsində tanınmış beyin mərkəzi Alan Turinq İnstitutu arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Aprelin 24-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbər heyəti ilə Böyük Britaniyanın süni intellekt və data elmləri sahəsində tanınmış beyin mərkəzi Alan Turinq İnstitutunun rəhbərliyi arasında onlayn görüş baş tutub.
Görüşdə Alan Turinq İnstitutunun və 4SİM-in fəaliyyət istiqamətləri barədə təqdimatlar baş tutub. 4SİM-in həyata keçridiyi layihə və təşəbbüslər, həmçinin “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya” barədə məlumat verilib. Alan Turinq İnstitutunun Birləşmiş Krallıqda dövlət və özəl sektor, eləcə də ali təhsil müəssisələrinin iştirakı ilə birgə apardığı tədqiqatlar və həmin tədqiqatlara əsaslanan real süni intellekt və rəqəmsal əkiz nümunələri, ətraf mühit və iqlimlə bağlı institutun həlləri təqdim olunub.
Tərəflər xüsusi olaraq süni intellekt, data elmləri və rəqəmsal əkiz texnologiyaları sahəsində mümkün tədqiqat və əməkdaşlıq imkanları, habelə elm və sənaye klasteri 4.0-ın yaradılması çərçivəsində təcrübələrin paylaşılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Süni intellektin banisi hesab edilən İngiltərə alimi Alan Turinqin adını daşıyan bu İnstitutu süni intellekt və data elmləri sahəsində Böyük Britaniya hökuməti və ölkənin aparıcı universitetləri olan Kembric, Oksford, Edinburq, UCL, Vorvik tərəfindən birgə yaradılıb. Sonradan daha 8 İngiltərə universiteti (Lids, Mançester, Nyukasl, Kuin Mari, Birmingem, Ekseter, Bristol və Sauzhempton universitetləri) tərəfdaş olaraq bu instituta qoşulublar. Hazırda Alan Turinq İnstutunun şəbəkəsinə Birləşmiş Krallığın 65 universiteti daxildir.