San-Fransiskoda səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (DİF) sosial media hesablarında yayımlanan “Impact on the Ground” layihəsinə “4Sİ Akademiyası” barədə müsahibə verib.
Müsahibədə “Coursera” platformasında vətəndaşlarımızın öz rəqəmsal bilik və bacarıqlarını inkişaf etdirməsi ilə bağlı layihənin ölkəmiz üçün faydası, gələcək planlar və DİF ilə əməkdaşlıq istiqamətləri haqqında məlumat verilib. Müsahibə ilə yanaşı hazırlanan süjetdə Coursera layihəsinin başlanmasını şərtləndirən amillər, pilot layihənin gedişatı, növbəti mərhələ ilə bağlı məlumatlar da öz əksini tapacaq.
“4Sİ Akademiyası” “Coursera” şirkəti tərəfindən insanların bilik və bacarıqlarının inkişafı baxımından dünya üzrə ən uğurlu layihələrdən biri hesab olunur. Süjetin məqsədi ölkəmizin “Coursera” ilə müsbət təcrübəsini Forum parntyorları ilə paylaşmaqdır.
Azərbaycanla bağlı epizodun DİF-in 21 milyondan çox abunəçisi olan sosial media hesablarında yayımlanması planlaşdırılır.
“Impact on the Ground” - Dünya İqtisadi Forumunun qlobal 4-cü Sənaye İnqilabı Mərkəzləri şəbəkələrinin icra etdikləri uğurlu layihələr barədə müsahibə və süjetlərdən ibarət video seriyadır. Hər bir epizod insanların həyatını yaxşılaşdırmaq və planeti qorumaq üçün inkişaf etməkdə olan texnologiyaların necə sınaqdan keçirildiyini, miqyaslandığını və təhlükəsiz və məsuliyyətli şəkildə tətbiq edildiyini araşdırır.