Qlobal Texnologiya Forumunun 2-ci günündə məhsuldar görüşlər keçirilib

30 may 2024

San-Fransiskoda Dünya İqtisadi Forumunun (DİF) 4Sİ Mərkəzləri üçün təşkil olunan Qlobal Texnologiya Forumu davam edir. Tədbirdə DİF-in 4Sİ Mərkəzləri şəbəkəsinə daxil 14 mərkəz, o cümlədən İqtisadiyyat nazirliyi tabelyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndə heyəti iştirak edir.

 

Forumun 2-ci günü DİF-in İqlimə Uyğunlaşma Texnologiyası təşəbbüsü və G20 Ağıllı Şəhərlər Alyansı tərəfindən təşkil olunan “İqlim dəyişikliyi üçün texnologiyanın istifadəsi” adlı sessiya ilə başlayıb. Gün ərzində DİF-in müxtəlif platformaları tərəfindən “Kənd təsərrüfatında süni intellekt”, “Rəqəmsal inkluzivlik üçün süni intellektdən istifadə”, “Sağlamlıq məlumatlarının açılması”, “Növbəti Yaşıl İnqilab” adlı sessiyalar keçirilib.

 

4SİM nümayəndə heyəti DİF-in 4Sİ Mərkəzlər Şəbəkəsinin hökumətlə əlaqələr üzrə rəhbəri Aytug Göksu, Hökumətlə əlaqələr üzrə koordinatoru Vandana Menon, DİF-in Süni İntellekt Platformasının rəhbəri Keti Li, Süni intellekt və rəqəmsal texnologiyalar üzrə portfolio rəhbəri Maria Basso, DİF-in İcraçı Komitəsinin üzvü Sebastian Bakap və Enerji və Materiallar üzrə Mərkəzin rəhbəri Olivia Zeydlerin birgə iştirakı ilə görüş keçirilib. 

 

Görüşdə 4Sİ Azərbaycan Mərkəzinin cari il üzrə icra olunan “Enerjidə Süni intellekt texnologiyaları”, “Azərbaycanın Rəqəmsal iqtisadiyyatına investisiyaların cəlbi” və digər layihə və təşəbbüslər haqqında müzakirələr baş tutub. COP29 ili çərçivəsində DİF ilə birgə layihələrin həyata keçirilməsi imkanları araşdırlıb. Əlavə olaraq DİF-in Qlobal Əməkdaşlıq Kəndi (Global Collaboration Village) adlı platforması ilə birlikdə metaversdə COP29 çərçivəsində enerji sessiyasının keçirilməsi və DİF-in Süni İntellekt Platforması ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

 

4SİM nümayəndə heyəti həmçinin DİF-in Əşyaların interneti və Şəhər Transformasiyası Platformasının rəhbəri Ceff Merrit, Platformanın layihə rəhbəri Ciovanna Antoniazzi ilə görüşüb. Görüşdə “KOB-ların rəqəmsallaşması”, “Sıfır Karbon Şəhərlər” layihələri haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb və “Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası” haqqında məlumat verilib.

 

Forum çərçivəsində 4SİM-in icraçı direktoru Fariz Cəfərov C3AI şirkətinin vitse-prezidenti Henrik Olson ilə görüşüb. C3AI şirkətinin fəaliyyəti və enerji sahəsində hazırladığı tətbiqlər barədə məlumat dinlənilib. Rəqəmsal əkiz və modelləşdirmə ilə bağlı birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

 

Gün ərzində Forumun 4Sİ Mərkəzlər Şəbəkəsinə yeni qoşulmuş Qətər 4Sİ Mərkəzinin nümayəndəsi Durmuş Yoruk və 4SİM-in nümayəndə heyəti arasında keçirilən görüşdə COP29 çərçivəsində ətraf mühitin dayanıqlılığı ilə bağlı birgə tədbirlər, eləcə də “Milli iqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqi” ilə bağlı birgə tədqiqatların aparılması məsələləri müzakirə olunub. 4SİM-in fəaliyyəti və təcrübəsi ilə bağlı qətərli həmkarlara məlumat verilib. 

 

Üçtərəfli qaydada Birləşmiş Ərəb Əmirliyi, Malayziya və Azərbaycan 4Sİ Mərkəzləri arasında keçən görüşdə mərkəzlərarası təcrübə mübadiləsi üçün birgə təqaüd proqramının həyata keçirilməsi müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb