Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən Elm-sənaye klasteri 4.0 çərçivəsində həyata keçirilən ənənəvi "4SİM Talks" tədbirinin növbəti sessiyası müxtəlif dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilib.
SABAH.HUB və "ASAN Xidmət"-in dəstəyi ilə keçirilən sonuncu tədbir Forbes Biznes Şurasının üzvü, beynəlxalq mühazirəçi, texnologiya və marketinq üzrə məsləhətçi, icraçı strateq Alberto Levy Macedo tərəfindən “İnnovasiya və Gələcəyin Dizaynı” mövzusunda təlim və vörkşop formatında baş tutub.
“4SİM Talks” 4Sİ texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədi ilə mütəmadi olaraq müxtəlif auditoriyalarda təşkil olunur. Bu təşəbbüsün əsas məqsədi universitetlər, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4Sİ texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyən universitet tələbələri üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etmək və onlarla bu sahədə dünya təcrübəsini paylaşmaqdır.