İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, həmçinin Şamaxı rayon icra hakimiyyətinin dəstəyi ilə Şamaxıda “29 iqlim söhbəti: “COP29”a gedən yol” tədbirlər silsiləsindən “4-cü sənaye inqilabı texnologiyalarının İqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbir keçirilib. Tədbir iqlim böhranına qarşı mübarizədə texnologiyanın transformativ potensialını araşdırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.
Tədbirdə BMT Azərbaycanın Rezident Əlaqələndiricisinin Ofisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyi (UNFCCC), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Əhali Fondu (UNFPA), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin İnkişaf Proqramı (UNDP), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Şamaxı rayon rəhbərliyinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı iştirakçıları salamalayaraq tədbir üçün Şamaxı rayonunun seçilməsinə görə təşəkkür edib. O, rayonda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi ilə görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində qurum tərəfindən həyata keçirilən marifləndirici tədbirlər və layihələr barədə məlumat verib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyindən (UNFCCC) cənab Niklas Svenningsen açılış nitqində texnologiyanın COP29-un və ondan sonrakı məqsədlərə nail olunmasında həlledici rolunu vurğulayıb. “İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bizə lazım olan iqlim məqsədləri üçün əlverişli olan texnologiyalar artıq mövcuddur, lakin onları tətbiq etmək üçün siyasi iradəyə ehtiyacımız var. COP29 bu iradənin gücləndirilməsinə töhfə verəcək” deyə Svenningsen qeyd edib.
Sonra “Dördüncü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyinə qarşı mübarizədə rolu”, “Əhalinin ehtiyaclarına cavab verən demoqrafik tədqiqat texnologiyaları” və “Dayanıqlı səhiyyə sistemləri və texnologiyanın sağlamlıqda rolu” mövzularında təqdimatlar edilib.
Tədbirin sonunda “Dayanıqlı inkişaf üçün texnologiyaların inteqrasiyası” mövzusunda panel sessiyası təşkil olunub. Paneldə 4-cü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu ilə bağlı spikerlər öz fikirlərini bölüşüblər.
Tədbirin keçirilməsində əsas məqsəd dövlət məmurları, BMT əməkdaşları, texnologiya mütəxəssisləri, ətraf mühit sahəsində işləyən elm adamları və digər əsas maraqlı tərəflər arasında işgüzar əlaqələri genişləndirmək olub. Bu baxımdan, müzakirələr texnoloji həllərin milli və regional iqlim fəaliyyət planlarına inteqrasiyası üçün əməli strategiyaların araşdırılmasına yönəlib və nəticədə COP29-un daha geniş hədəflərinə töhfə verib.
“29 iqlim söhbəti: “COP29”a gedən yol” tədbirlər silsiləsi, Azərbaycan 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, Azərbaycanda iqlim fəaliyyəti ilə bağlı geniş miqyaslı dialoqu təşviq etmək üçün BMT-nin həyata keçirdiyi bir təşəbbüsdür. Bu tədbirlər müxtəlif sektorlar arasında innovasiyanı, əməkdaşlığı və qlobal iqlim böhranına qarşı mübarizədə birgə məsuliyyəti və fəaliyyəti təşviq etməyi hədəfləyir.