Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə "Green Hackathon" proqramına müraciətlərin qəbulu oktyabrın 18-də bitir.
Yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji, yaşıl iqtisadiyyat sahələrində, eləcə də müxtəlif ekoloji problemlərin həlli istiqamətində texnoloji yanaşmalarını ortaya qoyan ideya müəllifləri komanda olaraq bu hakatona qoşula bilər.
Proqramın məqsədi yuxarıda qeyd olunan sahələr üzrə innovativ və yaşıl həllər üzərində işləyən startaplara dəstək vermək və gənclər üçün beynəlxalq təcrübədən faydalanmaq imkanı yaratmaqdır.
Yekunda uğur qazanan ideya müəlliflərinə bilik və bacarıqlarını artırmaq imkanı əldə etmək üçün pul mükafatları təqdim olunacaq.
Proqram AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur. Texniki Yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
Müraciət üçün son tarix: 18 oktyabr, saat 23:59 (Bakı vaxtı).
Müraciət forması və ətraflı məlumat üçün: https://form.jotform.com/242750970947366