Bakıda “Femmes Digitales” İctimai Birliyinin təşkilatçılığı və 4SİM-in əsas tərəfdaşlığı ilə AWITA 2024 – texnologiya sahəsində fəaliyyət göstərən Azərbaycanlı qadınların fəaliyyətinin mükafatlandırılması mərasimi baş tutub.
Təşkilatın 10 illik yubileyi və COP29-un qlobal gündəliyi çərçivəsində keçirilən tədbir rəqəmsal iqtisadiyyatda qadınların iştirakını təşviq etmək və il ərzində texnologiya sahəsində uğur qazanmış qadınların nailiyyətlərini qeyd etmək məqsədilə təşkil olunub.
Bu il ilk dəfə olaraq qaliblərdən biri süni intellekt vasitəsilə seçilib. Ümumilikdə ölkənin bütün regionlarından 200 müraciətin edildiyi yarışmada 33 finalçı müəyyən edilib və onların arasından 12 qalib seçilib.
4SİM-in "elm və sənaye klasteri 4.0-ın formalaşdırılmasına dəstək" çərçivəsində təsis edilən “Akademik mükafat” kateqoriyasında Nailə Allahverdiyeva qalib seçilib. 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov qalibə mükafatı təqdim edib.
Mərasimdə parlament üzvləri, səfirlər, dövlət qurumlarının nümayəndələri, texnologiya şirkətlərinin rəhbərləri və tələbələr iştirak edib.