4SİM-in icraçı direktoru Fariz Cəfərov Davos Forumu çərçivəsində DİF-in “Qlobal Əməkdaşlıq Kəndi” (Global Collaboration Village) platformasının rəhbəri Çey Huang ilə görüşüb.
Görüşdə platformanın yeni Artırılmış Reallıq mühiti ilə tanışlıq sessiyası baş tutub. Sessiyada 4Sİ Mərkəzlər Şəbəkəsinə üzv olan digər mərkəzlərin rəhbərləri də iştirak ediblər.
Görüşdə həmçinin 4SİM ilə platforma arasında icra olunan cari işlər müzakirə olunub. Azərbaycan 2024-cü ildə 142 tərəfdaş arasından platformanın 10 ən aktiv tərəfdaş siyahısına daxil edilmişdir və 4SİM-in dəstəyi ilə SOCAR ilə birgə 2025-ci il üçün Forum tərəfindən Azərbaycanın virtual pavilyonunun yaradılması nəzərdə tutulur.
“Qlobal Əməkdaşlıq Kəndi” virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmiş reallıq platformasıdır. Layihə “VillageAccenture” və “Microsoft” ilə birgə Dünya İqtisadi Forumunun təşəbbüsüdür. 142-dən çox şirkət hazırda bu platforma ilə tərəfdaşlıq edir. Platformanın inkişafında əsas töhfə verən tərəflərdən biri də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir.