Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) San-Fransiskoda keçirilən GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub.
Dünya İqtisadi Forumu (DİF) tərəfindən təşkil edilən Forum çərçivəsində 4Sİ Mərkəzləri şəbəkəsinin rəhbərlərinin xüsusi görüşü - “Şəbəkələşmə” sessiyası keçirilib. Sessiyada 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Azerbaijan’s Twin Transition: Empowering Communities for the Future” mövzusunda təqdimatla çıxış edib. O, 4SİM-in fəaliyyəti, ölkəmizdə həyata keçirilən layihələr və qabaqcıl təcrübələr barədə məlumat verib.
Toplantıda mərkəzlər arasında gələcək strateji əməkdaşlıq imkanları da müzakirə olunub. Forum müddətində texnologiya və sənaye transformasiyası sahəsində ən son trendlər və əməkdaşlıq imkanları ilə bağlı müxtəlif seminar və interaktiv vörkşoplar təşkil edilib.
Ənənəvi olaraq hər il keçirilən Qlobal Texnologiya Forumunda DİF-in qlobal 4Sİ Mərkəzləri şəbəkəsinin rəhbərləri və qabaqcıl texnologiya şirkətlərinin nümayəndələri iştirak edir. Hazırda DİF-in 22 afilə edilmiş 4Sİ Mərkəzi fəaliyyət göstərir. San-Fransisko, texnologiya nəhənglərinin yerləşdiyi Silikon Vadisində yerləşən şəhər kimi, hər il GTR Forumuna ev sahibliyi edir. Üç gün davam edən builki forumda aparıcı texnologiya şirkətlərinin rəhbərləri və DİF-in 4Sİ Mərkəzləri ilə əməkdaşlıq və gələcəyə baxış mövzusunda xüsusi görüşlər keçirilib.