19 iyun 2025-ci il tarixində SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin əsas tərəfdaşlığı ilə təşkil olunan Baku ID innovasiya festivalı öz işinə başlayıb.
SABAH.HUB-un baş icraçı direktoru Rəhim Bayramlı açılış çıxışında Azərbaycanın innovasiya gündəliyində yeni bir mərhələyə keçdiyini bildirərək qeyd edib ki, SABAH.city layihəsinin inşasına artıq başlanılıb və bu müasir mərkəz Baku ID 2026 tədbirinə ev sahibliyi edəcək. Bu addım, regionun texnoloji inkişafını sürətləndirərək və Azərbaycanı daha da güclü bir innovasiya mərkəzinə çevirəcəkdir.
Süni intellekt, yeni bacarıqlar və gələcəyin işçi qüvvəsinin formalaşdırılması ilə bağlı çıxış edən 4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 4SİM tərəfindən həyata keçirilən layihələr gənclər üçün beynəlxalq forumlarda ən son trendləri və innovasiyaları öyrənmək imkanı yaradır. 4SİM insan kapitalının inkişafını dəstəkləyən təşəbbüslər irəli sürür və texnoloji biliklərin artırılması, təqdimat hazırlığı kimi sahələrdə təlimlər təşkil edərək gənc mütəxəssislərin yetişdirilməsinə dəstək verir.
SABAH.HUB-un idarə heyətinin üzvü Fərhad Paşayev tədbirin ölkənin innovasiya gündəmində daşıdığı əhəmiyyətini vurğulayıb.
Tədbirdə 32-dən artıq yerli və xarici investor, 75-dən çox yerli və beynəlxalq startap, 4000-dən artıq iştirakçı və 21-dən artıq tərəfdaş yer alır. Baku ID festivalında investorlar, startaplar və qonaqları yeni tərəfdaşlıqlar üçün geniş imkanlar, dinamik şəbəkələşmə mühiti və real əməkdaşlıqların qurulduğu məhsuldar görüşlər gözləyir.
Festivalda bu il də ənənəyə sadiq qalaraq aparıcı dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatların təmsilçiləri iştirak edir.
Baku ID festivalının ən diqqətçəkən hissələrindən biri startap müsabiqələridir. Bu müsabiqələr, regionun ən perspektivli və yenilikçi layihələrini ortaya qoymaqla yanaşı, gənc sahibkarlar üçün qlobal investorlarla əlaqə qurmaq və öz ideyalarını reallaşdırmaq üçün mühüm imkanlar yaradır.
Tədbir həmçinin istedadlı tələbələr üçün də əhəmiyyətli imkanlar yaradır. “University Demo Day” çərçivəsində onlar innovativ layihələrini təqdim edərək investorlarla tanış olmaq imkanı, eyni zamanda ABB Tech Academy tərəfindən təqdim olunan təqaüdləri qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, Jolly Joker Baku və Daş Salnamə Muzeyində baş tutan builki tədbir “The Regional Nexus” mövzusu ətrafında təşkil olunur. Bu mövzu Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionları arasında innovativ və texnoloji əməkdaşlığın inkişafına fokuslanır.
Tədbirlə bağlı ən son yenilikləri www.bakuid.com saytından və 4SİM-in sosial media hesablarından izləyə bilərsiniz.