"Qlobal Mayak" statusuna aparan yol texnoloji transformasiyanın düzgün planlaşdırılması və ölçüləbilən nəticələrin əldə olunmasından başlayır.
Dünya İqtisadi Forumunun “Qlobal Mayak” Şəbəkəsi (Global Lighthouse Network) Dördüncü Sənaye İnqilabı texnologiyalarını uğurla tətbiq edən qabaqcıl istehsal və logistika müəssisələrini bir araya gətirir. Şəbəkə 30-dan çox ölkədən, 40-dan çox sənaye sahəsini təmsil edən 238 istehsal və təchizat zənciri obyektini əhatə edir.
Azərbaycan artıq bu qlobal şəbəkədə təmsil olunur. 2026-cı ildə “SOCAR Karbamid” zavodu “Qlobal Mayak” Şəbəkəsinə qoşulub. Zavodda 42 rəqəmsal həllin tətbiqi nəticəsində istehsal həcmi 21% artıb, təbii qaz sərfiyyatının səmərəliliyi isə 24% yaxşılaşıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) yerli müəssisələrin texnoloji transformasiyasını sürətləndirmək məqsədilə "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nı icra edir. Proqrama qoşulan 18 müəssisədə texnoloji hazırlıq üzrə diaqnostika aparılıb, hər biri üçün transformasiya üzrə yol xəritəsi hazırlanıb. Hazırda yol xəritələrinin icrası davam edir.
Yerli müəssisələr https://industry4.az saytında proqram barədə ətraflı məlumat əldə edə bilərlər.
Mənbə: Dünya İqtisadi Forumu, “Qlobal Mayak” Şəbəkəsi, 2026.
