“IT Hub Azerbaijan” layihəsi çərçivəsində təlimlərə start verilib

16 may 2023

“IT Hub Azerbaijan” layihəsi çərçivəsində ölkəmizdə 162 nəfərə İT üzrə ödənişsiz təlimlərin keçilməsi və təlimi uğurla başa vurmuş gənclər arasından seçilmiş namizədlərin işlə təmin olunması nəzərdə tutulub.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsi tərəfindən həyata keçirilən “IT Hub Azerbaijan” layihəsi çərçivəsində təlimlərə start verilib.

Layihə çərçivəsində Azərbaycanın Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri, Naxçıvan Muxtar Respublikası və digər regionlardan ilkin olaraq 80 namizədin təlimlərdə iştirakı nəzərdə tutulsa da, layihəyə marağın yüksək olduğunu nəzərə alaraq, seçim mərhələsindən müvəffəqiyyətlə keçən 162 nəfərə ödənişsiz təlimlərin keçilməsi planlaşdırılır.

Beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda onlayn şəkildə keçiləcək təlimlərdə gənclər İT ilə yanaşı ,karyera inkişafı sahəsində də bilik və bacarıqlara yiyələnəcəklər. Təlimlər 9 ay davam edəcək.

 

Qeyd: “IT Hub Azerbaijan” layihəsinin əsas məqsədi ölkəmizin müxtəlif bölgələrində yaşayan 19-30 yaş kateqoriyasına aid gənclərin İT sahəsində bilik və bacarıqlarının artırılması, bu sahəyə investisiyaların cəlbi, yeni iş yerləri və karyera imkanlarının yaradılması kimi istiqamətlərə töhfə verməkdir. Belə ki, təlimləri uğurla bitirmiş gənclər arasından seçilmiş namizədlərin Azərbaycanda qalmaqla xarici şirkətlərdə işlə təmin olunması da nəzərdə tutulub.

Layihənin icrası beynəlxalq İT şirkətlərinin, o cümlədən layihə çərçivəsində təlim təminatçısı olan “EPAM Systems” şirkətinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə töhfə verəcək.

Məlumat üçün bildirək ki, “IT Hub Azerbaijan”  layihəsinə 7 fevral 2023-cü il tarixində strat verilib, 1350 nəfər müraciət edib və seçim mərhələsindən 162 nəfər seçilib.

 

DİGƏR XƏBƏRLƏR

Süni intelekt əsərlərinin yaradıcısı Refik Anadol ilə görüş

XƏBƏRƏ BAXIN

“4Sİ Akademiyası”nda ödənişsiz kurslar davam edir

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb