Martın 27-də 4SİM və Dünya İqtisadi Forumunun “Global Collaboration Village” platformasının nümayəndələri arasında Genişləndirilmiş Reallıq (XR) texnologiyaları olan Artırılmış Reallıq (AR), Virtual Reallıq (VR) və Qarışıq Reallıqdan (MR) istifadə olunan “dövlət-özəl XR əməkdaşlıq platforması”nın yaradılmasını müzakirə etmək üçün görüş keçirilib.
Rəhbər heyət və fərqli sahələrdə çalışan ekspertlərin iştirak etdiyi görüşdə, virtual və artırılmış reallıq texnologiyalarının istifadəsi ilə virtual aləmdə görüşlərin, tədbirlərin və təcrübə mübadilələrinin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda zavodların, ağıllı şəhər və kəndlərin, ətraf mühitlə əlaqəli müxtəlif layihələrin metavers və virtual reallıqda canlandırılması, simulyasiyaların yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin COP29-un Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, enerji və iqlim məsələləri üzrə virtual sessiyaların təşkil olunması təklif olunub.
“Global Collaboration Village” virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmiş reallıq platformasıdır. Layihə “Village Accenture” və “Microsoft” ilə birgə Dünya İqtisadi Forumunun təşəbbüsüdür. 142-dən çox şirkət hazırda bu platforma ilə tərəfdaşlıq edir. Platformanın inkişafında əsas töhfə verən tərəflərdən biri də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir.