İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 27-28 iyun tarixlərində keçiriləcək “Baku ID” (Baku İnvestment Day) festivalının əsas tərəfdaşlarından biridir. Azərbaycanla yanaşı Qafqaz regionunun startap ekosistemi üçün önəm daşıyan innovasiya tədbiri olan “Baku ID” hər il keçirilən investisiya forumudur.
4SİM tərəfindən tədbir çərçivəsində Süni İntellekt üzrə panel sessiyası təşkil olunacaq. Bundan başqa qurumun icraçı direktoru Fariz Cəfərov “Emissiyanın sıfıra enməsində startapların artan rolu” panelində spiker qismində çıxış edəcək.
Festival çərçivəsində 4SİM stendində mərkəzin fəaliyyəti ilə tanış olmaq, həmçinin “4Sİ Akademiyası” çərçivəsində Coursera platformasında təklif olunan kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanmaq mümkün olacaq.
“Baku ID” çərçivəsində SABAH Hub və 4SİM arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.
Ümumilikdə bu ilki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq yerli və xarici startap, 5000-dən çox iştirakçı və 50-dən artıq tərəfdaşın iştirak edəcəyi gözlənilir.
Festivalın startap müsabiqəsində iştirak edən startaplar 1 milyon ABŞ dolları dəyəri olan investisiya fondundan yararlana bilərlər.
İştirakçıları həmçinin qlobal texnologiya şirkətlərindən olan spikerlərin çıxışları, müxtəlif panel sessiyaları, region strataplarının təqdimat çıxışları, netvörkinq və digər maraqlı fəaliyyətlər gözləyir.
Daha ətraflı: www.bakuid.com