İyulun 2 və 3-də Omanda İSESCO və Oman Texnologiya və Tətbiqi Elmlər Universiteti tərəfindən Asiya və Yaxın Şərq regionu üçün “İslam Dünyası üzrə Süni İntellekt Xartiyası” adlı vörkşop baş tutub.
4SİM-in süni intellekt layihələrinin rəhbəri Ruslan Zeynalzadə tədbirdə iştirak edib və qurum tərəfindən ölkədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda 4-cü sənaye inqilabı texnologiyalarının, xüsusilə də süni intellektin tətbiqi ilə bağlı fəaliyyətlər qeyd olunub.
Vörkşop çərçivəsində süni intellektə artan qlobal marağın və ondan istifadənin etik tənzimlənməsi istiqamətində müzakirələr aparılıb.
İSESCO-nun 2022-ci ilin dekabrında Mərakeşdə keçirilmiş 43-cü sessiyasında qəbul edilmiş qətnaməsinin icrası çərçivəsində “İslam Dünyasında Süni İntellektin Etik Xartiyası”nın layihəsinin İSESCO tərəfindən hazırlanması nəzərdə tutulub.