İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşlığı, Fari Solutions şirkətinin təşkilatçılığı və Binance şirkətinin dəstəyi ilə Bakıda ilk dəfə blokçeyn, Veb3, süni intellekt, metavers, sənaye 4.0 texnologiyaları və rəqəmsal aktivlərlə bağlı “Chain Reaction 2024” tədbiri keçirilir.
Tədbirin açılışında Binance şirkətinin Baş marketinq direktoru Reyçel Konlan bildirib ki, şirkətin Azərbaycanda rəqəmsal aktivlər və texnologiyalar sahəsində maarifləndirmə ilə bağlı planları mövcuddur. Məqsəd insanların bu bazardan təhlükəsiz və məlumatlı şəkildə istifadə etməsinə dəstək verməkdir.
4SİM-in icraçı direktoru Fariz Cəfərov forumda “Rəqəmsal və metavers iqtisadiyyata doğru” adlı paneldə spiker qismində çıxış edib. Bildirlib ki, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına dəstək məqsədi ilə yeni nəsil texnologiyalar mərkəzinin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, Azərbaycanda fintex sahəsində maliyyə həlləri fəal şəkildə inkişaf etdirilir, pərakəndə ticarət və KOB-lar üçün yeni imkanlar yaradılır.
2 gün davam edəcək tədbirdə 60-dan çox yerli və beynəlxalq spikerin iştirakı təmin olunub. Tədbir zamanı mövzu ilə bağlı panellər, vörkşoplar və təqdimatlar da daxil olmaqla 30-dan çox müxtəlif sessiyalar təşkil olunacaq.