“Yerin müşahidəsi məlumatlarının iqlim problemlərinin həllində rolu” mövzusunda dəyirmi masa keçirilib

12 noyabr 2024

Dəyirmi masada Yerin müşahidəsi məlumatlarının iqlim və təbiət problemlərinin həllində istifadəsi müzakirə olunub.

 

COP29 çərçivəsində Dünya İqtisadi Forumu (DİF), İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və “Deloitte” şirkətinin təşkilatçılığı ilə Yerin müşahidəsi icmasının üzvlərinin iştirakı ilə “Yerin müşahidəsi məlumatlarının iqlim problemlərinin həllində rolu” mövzusunda dəyirmi masa keçirilib.

 

DİF-in Yerin Müşahidəsi Təşəbbüsünün icma üzvlərinin iştirak etdiyi tədbirdə Yerin müşahidəsi zamanı toplanılmış məlumatların iqlim və təbiət problemlərinin həllində istifadəsi, bu sahədə olan ən son texnologiya və inkişafla bağlı ekspertlər səviyyəsində müzakirələr aparılıb.

 

Tədbirdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov sənaye 4.0 texnologiyalarının Azərbaycanın davamlı inkişaf strategiyasında oynadığı mühüm roldan danışıb. O, Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində yeni investisiyaları cəlb etmək və süni intellektin tətbiqi ilə enerji sektorunu təkmilləşdirmək üçün Dünya İqtisadi Forumu və digər tərəfdaşlarla əməkdaşlıq etdiyini vurğulayıb.

 

“Deloitte” şirkətinin ABŞ-dəki Kosmik Tədqiqatlar departamentinin rəhbəri Brett Loubert DİF ilə birgə hazırlanmış Yerin müşahidəsi məlumatları ilə bağlı hesabat barədə məlumat verib. Qeyd olunub ki, Dünya İqtisadi Forumunun Yerin Müşahidəsi Təşəbbüsünün missiyası dayanıqlı iqtisadi artım üçün Yerin kosmosdan müşahidəsindən kommersiya məqsədləri ilə istifadəni genişləndirməkdir. Peyklər və digər sensorlar vasitəsilə Yerin müşahidəsi 2030-cu ilə qədər qlobal iqtisadiyyata 3,8 trilyon dollar əlavə dəyər qatmaq potensialına malikdir. Eyni zamanda bu texnologiyalar istixana qazı emissiyalarını hər il 2 qiqaton azaltmağa kömək edə bilər.

 

Sonra iştirakçılar Yerin müşahidəsi məlumatlarının real dünya ssenarilərində necə effektiv şəkildə tətbiq olunması, tərəfdaşlıq modelləri və ən yaxşı təcrübələr, iqlim və ətraf mühitin dayanıqlılığı üçün Yerin müşahidəsi texnologiyalarının qəbulu və təşviqində liderlik mövzularında fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb