“Süni İntellektin transformativ gücü: Ətraf mühitə təsirlərin azaldılması və dayanıqlı inkişaf” mövzusunda panel sessiyası keçirilib

16 noyabr 2024

Paneldə ekoloji təsirlərin azaldılmasında süni intellektin rolu və dayanıqlı inkişaf səylərini dəstəkləyən həllər müzakirə olunub.

 

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə COP29 çərçivəsində “Süni intellektin transformativ gücü: Ətraf mühitə təsirlərin azaldılması və dayanıqlı inkişaf” mövzusunda panel sessiyası keçirilib. 

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov süni intellektin sənayelərdə ekoloji təsirləri azaltmaq və dayanıqlı inkişafa töhfə vermək potensialını qeyd edib. 

 

Kral Coğrafiya Cəmiyyətinin üzvü və “eWorldwide Group”un sədri və baş icraçı direktoru, professor Salma Abbasinin moderator olduğu sessiyada “BrainBox AI” şirkətinin baş icraçı direktoru Sam Ramadori, “Plug and Play” texnologiya mərkəzinin enerji platformasının rəhbəri Veyd Bitaraf, “SOCAR”ın “Caspian Innovation Center” şirkətinin Əməliyyatlar üzrə rəhbəri Orxan Quliyev və “Mandulis Energy” şirkətinin direktoru Peter Benhur Nyeko spiker qismində çıxış ediblər.

 

Tədbirdə süni intellekt vasitəsilə sənaye əməliyyatlarının səmərəli idarə edilməsinə və prediktiv təmir vasitəsilə nasazlıqların əvvəlcədən proqnozlaşdırılmasına dair təcrübələr paylaşılıb. Qeyd olunub ki, istehsal, tikinti, nəqliyyat və enerji sektorlarında bu texnologiyalardan istifadə edərək karbon izini azaltmaq istiqamətində ciddi addımlar atıla bilər.

 

Çıxışçılar ekoloji təsirlərin azaldılmasında sənaye üçün spesifik tətbiqlərin, prediktiv təmir texnologiyalarının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb