Bakı Avropa Liseyində “Gələcəyin peşələri” mövzusunda “4SİM Talks” adlı tədbir keçirilib.
Dördüncü Sənayə İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə (4SİM) Bakı Avropa Liseyində “Gələcəyin peşələri” mövzusunda “4SİM Talks” adlı tədbir keçirilib.
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova gənclərin peşə seçimi üçün tədbirin əhəmiyyətini qeyd edib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti, cari layihələri və müxtəlif sahələrdə süni intellektin tətbiqi ilə bağlı məlumat verib.
Tədbirdə çıxış edən “Paşa Bank”ın Data mühəndisliyi şöbəsinin müdiri Əbdüləli Əliyev generativ süni intellekt və onun strateji əhəmiyyəti, “Sabah Lab” Akselerasiya və İnkubasiya Mərkəzinin direktoru Rafiq Alverdiyev 4Sİ texnologiyaları və gələcək peşələr barədə təqdimatla çıxış ediblər.
“Edtesk” startapının təsisçisi Şahin Xəlilov və “NASA Space App Baku 2024” müsabiqəsinin rəhbəri Yusuf Kərimli şagirdlərlə öz uğur hekayələrini paylaşıblar.
Tədbirdə Bakı Avropa Liseyi ilə yanaşı, digər orta təhsil müəssisələrinin şagird və müəllimləri iştirak ediblər. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
4SİM 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədi iləmütəmadi olaraq müxtəlif auditoriyalarda “4SİM Talks” adlı silsilə tədbirlər təşkil edir. Bu təşəbbüsün əsas məqsədi təhsil müəssisələri, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü sənaye inqilabı texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyənlər üçün uğurlu yol xəritəsini yaratmağa kömək etmək və bu sahədə dünya təcrübəsini paylaşmaqdır.