News


25 September 2026

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiyada qlobal iqtisadi mühitdə dəyişikliklər, investisiya imkanlarının genişləndirilməsi müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya təşkil olunub. Sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər, Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolu, investisiya imkanlarının genişləndirilməsi və ölkənin istehsal və regional dəyər zəncirlərində mövqeyinin inkişaf etdirilməsi ilə bağlı məsələlərə diqqət çəkib. Sessiya çərçivəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David arasında “Qlobal iqtisadi perspektivlər” mövzusunda yüksək səviyyəli müzakirə təşkil olunub. Müzakirədə qlobal iqtisadi mənzərədə baş verən dəyişikliklər, dünya iqtisadiyyatının inkişafına və investisiya proseslərinə təsir edən əsas meyillər nəzərdən keçirilib. Sessiyanın davamında “The European House – Ambrosetti & TEHA Group”un baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımının mərkəzi qovşağı” mövzusunda təqdimatla çıxış edib. “Euronews”un idarəedici redaktoru Ceyn Uizespunun moderatorluğu ilə keçirilən “Qlobal artımın, investisiyaların və bağlantılılığın gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qlobal investisiya axınları fonunda Azərbaycan sülh gündəliyi, nəqliyyat və logistikanın inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat mühitinin formalaşdırılması vasitəsilə regional inteqrasiyanı sistemli şəkildə həyata keçirir. Müzakirədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Pakistanın rabitə üzrə federal naziri Aleem Khan, Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmishi, Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda iştirak ediblər. İştirakçılar qlobal iqtisadi və geosiyasi proseslərin ölkələrin iqtisadi inkişafına təsiri, regional əməkdaşlığın və investisiya əlaqələrinin genişləndirilməsi, yeni iqtisadi imkanların formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini isə müzakirələrə ekspert qismində münasibət bildirib.

© 2026. All rights reserved.

Prepared by Safaroff Agency