İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi birgə əməkdaşlığı ilə həyata keçirilən "Milli Proqram" çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 375-dən çox ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanırlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 21000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 3250 təlim süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.
"Milli Proqram" ilə istifadəçilərə 6 həftə ərzində təhsil platformasında istədikləri sayda təlimdən yararlanmaq imkanı yaradılıb.
Proqram həmçinin, ölkənin startap ekosistemi, sahibkarlar, xüsusilə də kiçik orta bizneslər üçün də bilik bazasının yaradılmasına mühüm töhfə verir. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilirlər.
Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın 3-cü mərhələsinin tərəfdaşlarıdır.